AZ
Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi layihəsi

Xəbər və Tədbirlər

6 Jun

Tvinninq layihəsi çərçivəsində AzST layihəsinin işlənməsinə başlanıb

AATM Tvinninq layihəsi çərçivəsində 2016-cı ilin aprelində layihənin əsas məqsədlərindən biri istiqamətində iş başlandı: Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatlar adlı sənəd əsasında Azərbaycanın ali təhsil məkanı üçün keyfiyyət təminatı sisteminin yaradılması. Burada məqsəd Azərbaycan Ali Təhsilində Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatlarla (AzST) bağlı təkliflərin hazırlanmasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ali təhsil müəssisələrinə kömək etməkdən ibarətdir. Məqsəd yalnız təklifin hazırlanması deyil, eləcə də pilot olaraq üç ali təhsil müəssisəsində sınaqdan keçirildikdən sonra bu təkliflərin nə dərəcədə məqsədəuyğun olub olmadığını müəyyən etməkdir. AATM Tvinninq layihəsi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi pilot qiymətləndirmələr üzrə təlimatların ilkin layihəsinin hazırlanması məqsədilə işçi qrupun yaradılması barədə qərar qəbul etdilər.

Işçi qrupun iştirakı ilə 2016-cı ilin may ayının sonunda Quba rayonunda üç günlük işçi seminar keçirildi. Seminarların yekunu olaraq təlimatların ilkin layihəsi hazırlandı. Belə bir razılığa gəlindi ki, pilot qiymətləndirmələr zamanı aydın institusional yanaşma tətbiq olunacaq və təlim və tədris məsələlərinə xüsusi diqqət yetiriləcək. Pilot qiymətləndirmələr zamanı əsas sahələr bunlardan ibarət olacaq: (i) strateji və təşkilati idarəetmə (missiya bəyannaməsi, keyfiyyət siyasəti, inkişaf planı); (ii) tədris proqramlarının tərtibi və inkişafı (iki şöbədən iki müxtəlif proqram nümunəsi); (iii) təlim və tədris (təlim ehtiyacları, çevik təlim imkanları); (iv) tədqiqat və işləmələr (tədqiqat və işləmələrlə bağlı hədəflər, tədqiqat və təhsil arasında əlaqə); (v) akademik heyət (kvalifikasiyalar, təlim nəticələrinə nail olunması, təlim və tədrisin keyfiyyəti) və (vi) tələbələr (tələbəyönümlü təlimin dəstəklənməsi, çevik təlim və tədris metodları).  

Qiymətləndirmə üzrə təlimatların layihəsi artıq Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş, ölkənin ali təhsil müəssisələri və Nazirliyinin nümayəndələrindən ibarət Məşvərətçi Qrup tərəfindən də müzakirə olunub. Sənədin layihəsi artıq azərbaycan dilinə tərcümə olunub. Sənədin hər iki dildə olan variantı ilə səhifəmizin “Sənədlər” hissəsində tanış ola bilərsiniz.

Layihə üzərində qarşıdakı yay ayları ərzində iş davam edəcəkdir (siz də həmçinin bizim internet səhifəmiz vasitəsilə öz rəylərini bizə göndərə bilərsiniz!). Bu ilin avqust ayının sonlarında isə Tvinninq layihəsi tərəfindən pilot universitetlər (Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universiteti) və Məşvərətçi Qrup üçün seminar təşkil olunacaq. Seminarda təlimatlara edilən düzəlişlər müzakirə olunacaq və ümidvarıq ki, qiymətləndirmə kriteriyaları razılaşdırılacaqdır. Bundan başqa, 2016-cı ilin payızında pilot universitetlərdə seminarlar və təlimlər təşkil oluncaqdır. Qiymətləndirmə üzrə təlimatların 2017-ci ilin yazında Azərbaycanın pilot olaraq müəyyən edilmiş universitetlərində həyata keçiriləcək qiymətləndirmələr zamanı təcrübədən keçirilməsi nəzərdə tutulur. Pilot qiymətləndirmə təcrübəsi təhlil edildikdən sonra AATM Tvinninq layihəsi və Azərbaycandakı maraqlı tərəflər tərəfindən 2017-ci ilin yayında Azərbaycan Ali Təhsilində Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatlarla (AzST) bağlı yekun təkliflər işlənib hazırlanacaqdır.