Ötən həftə EHEA Tvinninq layihəsinin ən məşğul həftələrindən oldu. On nəfər fin və eston ali təhsil eksperti Bakıya səfər edərək Azərbaycanın iqtisad, pedaqoji və texniki universitetlərinin işçi heyəti ilə avropalı və azərbaycanlı ekspertlərin aprel ayında birlikdə keçirdikləri keyfiyyət qiymətləndirmələrinin nəticələrini müzakirə etdilər. EHEA Tvinninq layihəsi nümayiş etdirdi ki, Avropa keyfiyyət qiymətləndirmələrində istifadə olunan meyarlar və metodlar Azərbaycan universitetlərinin keyfiyyət təminatına tətbiq oluna bilər. Bu, layihənin ən böyük nəticəsidir.
Avropalı və azərbaycanlı ekspertlər pilot qiymətləndirmələr üçün EHEA standartlarının Azərbaycan versiyasını - “Keyfiyyət Təminatı üzrə Azərbaycan Standartları və Təlimatları”nı hazırladılar. Azərbaycanlı ekspertlərə EHEA standartlarına əsasən keyfiyyət qiymətləndirmələri həyata keçirmək üzrə və universitetlərin işçi heyətinə isə özünütəhlil hesabatlarını yazmaq üzrə müvafiq təlimlər keçirildi. Bundan sonra, pilot universitetlərə qiymətləndirmə səfərləri uğurla həyata keçirildi. Qiymətləndirmə qrupları yüksək peşəkarlıq nümayiş etdirdi və pilot universitetlər də hazırlıqlı idilər. Qiymətləndirmə qrupunun azərbaycanlı üzvləri, o cümlədən tələbə üzvləri özlərini qrupun zəruri və dəyərli üzvü kimi nümayiş etdirdi.
20 iyun 2017-ci il tarixində Tvinninq layihəsi, Təhsil Nazirliyi və Akkreditasiya və Nostrifikasiya İdarəsi bütün Azərbaycan universitetlərinin iştirakı ilə EHEA Tvinninq layihəsinin əsas nəticələrinin paylaşılması məqsədi ilə konfrans keçirəcək. Pilot qiymətləndirmələrin hesabatları artıq veb səhifəmizdə azərbaycan və ingilis dilində yerləşdirilib. Zəhmət olmasa, baxın http://ehea.edu.az/.
Ən əsası, Azərbaycan ən yüksək siyasi səviyyədə islahatların keçirilməsində maraqlıdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında digər müddəalarla yanaşı “Avropa İttifaqının TVİNİNQ proqramı çərçivəsində Azərbaycanın ali təhsil sistemində keyfiyyətin təminatı üzrə standartlar və təlimatların müvafiq Avropa standartları və təlimatlarına uyğun olaraq hazırlanması” müddəası da yer alıb. Bu, layihəmizə verilən yüksək qiymətdir. Olduqca xoşbəxt və qürurluyam!