Azərbaycanın Bolonya prosesinə 2005-ci ildən qoşulmasına baxmayaraq Azərbaycanın ali təhsil sahəsində çalışan akademik heyət və tələbələr arasında AATM (Avropa Ali Təhsil Məkanı) ilə bağlı məlumatlılıq aşağı səviyyədədir. Maraqlı tərəflər, Təhsil Nazirliyi, ali təhsil müəssisələrinin daxilidə və öz aralarındakı kommunikasiyası və şəbəkələşməsi müfəssəl və əhatəli deyildir; əksinə qeyri-müntəzəm və qeyri-sistematikdir. Keyfiyyət təminatı, beynəlxalq əməkdaşlıq və mobillik sahəsində çalışan insanlar həvəsli və məlumatlıdırlar, lakin onların sayı nisbətən azdır. Bundan əlavə, Azərbaycanda AATM standartları və təlimatları anlayışının yayılmasını təmin edə biləcək azərbaycan dilində hazırlanmış oxunaqlı, izahlı, istifadəsi asan, məlumatlandırıcı materiallar çatışmır.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzi (FİNEEC) və Estoniyanın Ali və Peşə Təhsilində Keyfiyyətin Təminatı üzrə Agentliyi (EKKA) keçən ilin payızında AATM Tvinninq layihəsinə başlamışlar. Layihənin əsas məqsədi Azərbaycan ali təhsilinin keyfiyyətini yaxşılaşdırmaqdır. Ali təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün bacarıqlı akademik heyət və ən son keyfiyyətli tədqiqatlar əsasında hazırlanmış kurikulumlar gərəkdir. Eləcə də beynəlxalq əməkdaşlıq, işlək xarici və daxili keyfiyyət təminatı, tələbələrə əsaslanan tədris və nəticəyə əsaslanan təlim zəruridir.
Tvinninq layihəsinin məqsədi AATM-in ortaq prinsiplərini və istinad alətlərini həyata keçirmək üçün Təhsil Nazirliyi və ali təhsil müəssisələrinin potensialını artırmaqdır. Tvinninq layihəsinin vəzifələrindən biri AATM məsələləri üçün kommunikasiya strategiyasının hazırlanmasında Təhsil Nazirliyinə yardım etməkdir. Ali təhsil sahəsində çalışan akademik heyət, tələbələr, maraqlı tərəflər və daha geniş auditoriya ali təhsildə Avropa keyfiyyət standartlarının əldə olunması üçün həyata keçirilən bütün səylər barədə yaxşı məlumatlı olmalıdırlar. Tvinninq layihəsi çərçivəsində hazırlanan AATM-in Kommunikasiya Strategiyası layihəsi maraqlı tərəflərlə müntəzəm məlumat mübadiləsi və şəbəkələşmə üçün milli koordinasiya qrupunun yaradılmasını tövsiyə edir. Bundan əlavə, strategiya AATM ilə bağlı məlumatlandırıcı materialların hazırlanmasının artırılmasını tövsiyə edir. Məsələn, Tvinninq layihəsinin veb səhifəsindən (www.ehea.edu.az) məlumat mübadiləsi üçün platforma kimi yararlanmaq olar.
Kommunikasiya, şəbəkələşmə və koordinasiyanın təkmilləşdirilməsi üçün Nazirlik və universitetlər daxilində və arasında platforma, daimi koordinasiya strukturu gərəkdir. Həmin orqan maraqlı tərəflərlə əməkdaşlıq etməlidir. Bu struktur (komissiya və ya şura ola bilər) ali təhsil islahatlarının hazırlanmasını müntəzəm olaraq qiymətləndirməli, Avropa Ali Təhsil Məkanı ilə bağlı məsələlər üzrə məlumatın hazırlanması və paylaşılması və kommunikasiyasını təşviq etməli və ali təhsil sahəsindəki maraqlı tərəflərlə şəbəkələşməli təmin etməlidir.